Ayxan Abbasov Fransa ilə matçdan gözləntisini açıqladı

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Fransa yığmasına qarşı keçirəcəkləri oyundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.

Ayxan Abbasov bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Sabah seçmə mərhələdə sonuncu oyunumuzdur. Ağır qrupda idik. Fransa millisi qrupun lideridir. Səfərdə də ağır oyun olmuşdu. Amma həqiqətən orada futbolçularımızın mübarizəsi 70-ci dəqiqəyə qədər yaxşı idi. Bilirdik ki, sonlarda rəqib üzərimizə daha çox gələcək. Sabah heyətlərində dəyişikliklər ola bilər. Yeni futbolçular var, özlərini daha çox göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Toral Bayramov dünən zədələndi. Onun yerinə oynayacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçularımız ən azından yaxşı mübarizə aparacaqlar. Bu gün belə rəqiblə mübarizə aparmağın özü də gələcəyimiz üçün yaxşılığa doğru addım sayıla bilər.

Fransa ilə oyunda bütün rəqiblər çətinlik çəkirlər. İslandiya il matç ən çox hücum etdiyimiz oyunlardan biri idi. Qol epizodlarına da girdik. Əvvəl 1-2 epziod yaradıb, sevinirdiksə, son matçda 6 qol epizodumuz oldu. Biz də hücum etmək istəyirik, futbolçularımız da. Rəqibdən çox şey asılıdır. Əsas odur ki, sabah mübarizə aparaq. Futbolda ancaq hücum etmək deyə bir şey yoxdur. Çempionlar Liqasında oynayan komandalar həm hücum edirlər, həm də müdafiə olunurlar. Təəssüf ki, biz ancaq hücumu düşünürük. Reallığımızı qəbul etmirik. Bizim özünəməxsus yanaşmamız olacaq. Rəqibi analiz edərək, hücum etməyə çalışacağıq”.

Ayxan Abbasov Elvin Cəfərquliyev və Toral Bayramovun yoxluğunda sol cinah müdafiəçisi mövqeyində Rüfət Abbasovun 90 dəqiqə oynamağa tam hazır olub-olmadığı barədə suala isə belə cavab verib:

“Sol cinah müdafiəçilərinin belə zədələnməsi bizi çətin duruma saldı. Rüfət Abbasov İslandiyaya qarşı oynadı. İlk oyunu idi. Gənclərə şans verməliyik. Gəncləri milliyə görünüş üçün çağırmırıq. Çağırırıqsa, deməli onlara güvənirik. Xəyal Əliyev də pis təsir bağışlamadı. Dəyişiklik ola bilər. Futbolçuların durumuna baxacağıq. İslandiya ilə matçda çox yükləndilər. Bu gün qərar verəcəyik”.

“Heç bir kluba hörmətsizlik etməmişəm”

Millinin baş məşqçisi cəzası başa çatmış Şahruddin Məhəmmədəliyevin sabah start heyətdə yer alacağını bildirib: “Bilirik ki, əsas qapıçımız Şahruddindir. Aydın Bayramov İslandiya ilə matçda işinin öhdəsindən gəlməyə çalışdı. Amma sabah qapıda Şahruddini görəcəyik”.

Ayxan Abbasov Fransa ilə oyunda sürpriz nəticəyə imza atmağa çalışacaqlarını vurğulayıb:

“Bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Müasir futbolda gözlənilməz nəticələr olur. Hər şey mümkündür. Futbolçular da xal qazanmağı çox istəyirlər. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Urkayna və İslandiyanın qrupdan çıxmaq şansı var idi. Bəzi qruplara baxırıq, hardasa bir az zəif komandalar olur ki, daha çox xal qazanasan. Bizimki isə çox möhkəm qrup idi. Sabah da ən yaxşısına inanancağıq. İnam olmasa, bu işi görməyə dəyməz. Klublarımızın, millimizin rəqibi böyük komandalar olanda fərq olur. Çalışacağıq ki, mübarizə aparaq. Azarkeşlər dəstək olacaq. İslandiya ilə matçda da belə idi. Təki, onları sevindirək.

Rəqibimiz qrupdan çıxıb və yəqin ki, yeni oyunçulara şans verəcəklər. Amma o futbolçular da Avropanın ən böyük komandalarında oynayırlar. Özlərini göstərməyə çalışacaqlar. Meydanda kim oynasa da, fərqi yoxdur. Eyni mübarizəni aparacağıq.

Fransa millisinin xala ehtiyacı var, ya yox, meydana qələbə üçün çıxırlar. Motivasiyamız odur ki, böyük komandaya qarşı yaxşı mübarizə aparaq. Böyük oyundur. Bu cür matçlarda mübarizə aparmaq gələcək üçün yaxşıdır”.

Ayxan Abbsov ona ünvanlanmış bəzi tənqidlərə də münasibət bildirib:

“Millidə material var. Sadəcə, formada deyillər. Səbəbləri də bəlli deyil. Bu futbolçularımız tam formada olsalar, UEFA Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Amma ona hələ vaxt var. Futbolçular formada olmalıdır, bunun üçün isə oynamaq lazımdır. Bu gün futbolçu milliyə hazır gəlməlidir. 3-4 günə onları hazır etmək olmur. Seçim imkanımız da olmalıdır. Futbolçular öz klublarında daimi oynamalıdır. Klubda mübarizəni udmalıdırlar. 4 hücumçumuzun dördü də formada olsa, rahat olardıq. Bu dəqiqə millimizin potensialı var.

Bütün klublar mənim üçün eynidir. Hər birinin məşqçilərinə hörmətlə yanaşıram, heç bir kluba hörmətsizlik etməmişəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: