“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda debütant 3:2 hesablı əzmkar qələbəyə sevinib.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Gözəl qalibiyyət oldu. Fantastik oyunumuzun nümunəsi idi. “Neftçi” güclü rəqibdir. Bu rəqiblə matça yaxşı hazırlaşmışdıq. Onlara qarşı öz oyunumuzu ortaya qoya bildik. “Neftçi”nin taktikasının necə olacağını bilirdik. Bundan da istifadə edə bildik. Qapımıza 10-cu dəqiqədə penalti təyin edilsə də, oyunu bərabərləşdirə bildik. Hesabda geri düşsək də, komanda güclü xarakter, psixoloji hazırlığını göstərdi. “Neftçi” kimi böyük komandaya qarşı oyundan çox razı qaldım. “Neftçi”yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir. Xarakterimizi göstərərək, oyunu qalib başa vurduq. “Neftçi”dən daha üstün idik.
“İmişli” üçün hər bir xal qazancdır. 3 xal isə fantastik nəticədir. “Neftçi”yə qarşı keçirdiyimiz birinci oyunla bugünkü arasında fərq çox böyükdür. Çünki bizə mövsümün əvvəlində yeni komanda qurmaq üçün böyük iş lazım idi. Komanda 1-ci Liqadan gəlmişdi, hazır deyildi. Onda tam fərqli “İmişli” idi. Artıq 4 ay keçib və komanda öz oyununu tapıb. “Neftçi” bizim 3 qol vurduğumuz ilk komanda deyil. İndi “İmişli”nin məqsədləri daha böyükdür. Qol vurmaq və hücumameyilli oyun göstərmək niyyətimiz var.
Qışda oyunçu almaq daha çətin olur. Xüsusən də bizim kimi kiçik komandalar üçün. Biz “Qarabağ”, “Neftçi” səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək. Nəinki avrokuboklara vəsiqə, heç ilk dördlüyə düşməyi də düşünmürük. Yeni yaranmış komandayıq. Əsas hədəfimiz stabilliyi qorumaq və potensialımızı ortaya qoymaqdır. Texniki heyət, məşqçilər oyunçuların maksimum səviyyəsini qaldırmağa çalışırlar. Məqsədimiz odur ki, bu mövsüm Premyer Liqada stabil komanda olaq. Ona görə də, qışda oyunçu almaq barədə düşüncələr yoxdur”.


