“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu Felipe Santos futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Braziliyalı futbolçunun yubileyi Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 13-cü turuna təsadüf edib. O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.
Cənubi amerikalı futbolçu Azərbaycan Premyer Liqasında üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında debütü 2021/2022-ci illər mövsümünə təsadüf etmiş Felipe Santos milli çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur. 2024-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edən hücumçu bu yaxınlarda Benin yığmasında oynamağa qərar verib.


