Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 6-cı turu çərçivəsində Niderland nəhəngi “Ayaks”la üz-üzə gələcək.
Sözügedən komandalar arasındakı oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yuq, AVAR-da Alen Borosak əyləşəcəklər.
Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürüb – 2:0. Üçüncü turda İspaniya təmsilçisi “Atletik”ə 1:3 hesabıyla uduzmuş təmsilçimiz ardından Bakıda İngiltərə nəhəngi “Çelsi”dən xal almağı bacarıb – 2:2. Liqa mərhələsinin 5-ci turunda baş tutmuş “Napoli” (İtaliya) ilə oyunda isə ağdamlılar 0:2 hesablı məğlubiyyətə üzülüblər.
“Ayaks” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısında məğlubiyyətə üzülüb. Niderland nəhəngi hazırda xal qazanmamış yeganə komandadır və 36-cı sırada qərarlaşıb. “Qarabağ” isə 7 xalla 20-ci pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr
“Qarabağ” – “Ayaks”
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.


