“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”ı UEFA Çempionlar Liqasındakı qələbə münasibətilə təbrik edirəm. İnşallah, Avropada yollarına davam edərlər.
Bu oyunun nə qədər çətin olacağını bilirdik. Onların birinci və ikinci heyətinin fərqi yoxdur. “Qarabağ” bu gün hətta Avropada TOP komandalardandır. Məncə, maraqlı oyun alındı. Uşaqlar yaxşı mübarizə apardılar. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm.
“Qarabağ”ın “Ayntraxt”la oyundakı heyəti meydanda olsaydı, nəticə fərqli ola bilərdimi? Təbii ki, hər şey ola bilərdi. Oyundan öncə belə hesabı heç mən də təxmin edə bilməzdim. Ammma uşaqlara demişdim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə, bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır. Vuruşdular, qollar vurdular. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq”.
Bağırov bu qələbəyə görə klub rəhbərliyinin mükafat verib-verməyəcəyi barədə sualı da cavablandırıb:
“Onu rəhbərlik bilər. Belə məsələlərə biz qarışmırıq. Mənə elə gəlir ki, futbolçuları layiqincə qiymətləndirəcəklər”.


