“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyunu Yevlax təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Turan Tovuz” çox yaxşı komandadır. Rəqibi əvvəlcədən təhlil etmişdik, necə hücum qurduqlarını, necə müdafiə olunduqlarını bilirdik. Futbolçularım meydanda yaxşı mübarizə apardılar, maksimum güclərini ortaya qoydular. Hər birinə təşəkkür edirəm.
Belə oyunla uğur qazanmaq olar, amma bir az da üstünə qoymalıyıq. Qarşıdakı matçlarda daha effektiv çıxış etmək üçün çalışacağıq”.
Məmmədov hakimliklə bağlı iradını bildirərək mübahisəli epizoda diqqət çəkib, lakin bununla rəqibin qələbəsinə kölgə salmasını istəmədiyini qeyd edib:
“Bir epizodda bizim müdafiəçimizə açıq ayaqla zərbə oldu. Həmin məqamı daha diqqətlə izləmək olardı. Ola bilsin, hakimlər bunu başqa cür dəyərləndiriblər. Amma “Turan Tovuz”un qələbəsinə kölgə salmaq istəmirəm. Onları təbrik edirəm”.


