“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, ilk oyunda 2:0 hesablı qələbəyə sevinmiş “Zirə” doğma meydandakı qolsuz heç-heçənin ardından finala yüksəlib.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox stressli oyun keçdi. Matçdan qabaq buna hazırlaşmışdıq. Bu il ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi. Ondan sonra rəqib riskə getdi. Biz də müdafiədən oynamağa başladıq. Futbolçularımı təbrik edirəm. Layiqli mübarizə apardılar.
Çempionatda növbəti turda yenə “Turan Tovuz”la oynayacağıq. Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, “Turan”a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, “Şəfa”da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsanız, deyərlər. Dedim ki, “Turan”da oynayacağam. Şəhəri çox sevmişdim, azarkeşləri də. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə “Turan”dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar. “Şamaxı” – “Turan Tovuz” oyununun 75-ci dəqiqəsində bir epizod var idi. Oyunu tribunada izləyirdim. Orada “Turan Tovuz” rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. “Şamaxı” rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişdim. “Turan Tovuz” azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmürdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevinmişəm. Halbuki, “Şamaxı” rəhbərliyinə də dedim ki, penalti deyil. “Turan Tovuz”un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu “Turan Tovuz” azarkeşlərinə o formada kim çatdırıblar.
Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Çox adam məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Bilsinlər ki, “Turan Tovuz”a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir”.
“Oyunumuzda hakim səhvlərinin olmasını istəmirəm”
Rəşad Sadıqov “Turan Tovuz”la ilk oyunda baş verənlərin cavab görüşünə təsirindən də danışıb:
“Avrokuboklar uğrunda gərgin mübarizə gedir. Həmin epizodlara oyundan sonra daha rahat baxdıq. Hakimlər də açıqladılar, hər iki epizod penaltidir. Biz də baxdıq. Penalti kimi gəlir. 3-4 tur əvvəl həmin hakim Yevlaxda eyni epizodda penalti qərarı verəndə açıqlama verilmişdi ki, penalti deyil. Futbolçularımla qaydalar, hakimlərlə kommunikasiya üzərində çox işləyirəm. Eyni epizodda iki fərqli şərh olur. Bilmirsən hansı açıqlamanı verəsən. Bizim oyundakı penaltidirsə, ona oxşar epizod “İmişli” – “Qəbələ” oyununda da olub. Epizodlar arasında böyük fərq yoxdur. Mən də deyirəm ki, penaltidir. Bizim çempionatda belə epizodlarda fərqli şərhlər olur. Mübahisəli epizodlar çoxdur. 50/50-yə epizodlar çox olur. Hakimləri də bəzən qınamaq olmur. “Qarabağ”la görüşdə Konatenin epizodu var idi, mənə görə penaltidir.
Əsas etiraz “Turan Tovuz”la kubok oyununda oldu. Bir də “Neftçi” ilə matçda. Hər üç epizod mübahisəyə açıqdır. Oyundan sonra bir dəfə baxdım, elə bildim ki, ofsayd deyil. Amma sonra təkrara baxdıqda, top qapıya gedərkən, Ruana görə Piriç topu görmürdü. Biz də ofsayd olduğunu düşünürük. Belə qərarlar məni sevindirmir. Bundan əziyyət çəkən komanda biz olmuşuq. Uzun illər hakimlikdən çox əziyyət çəkmişik. 40-50 epizod paylaşaram ki, nəticəyə təsiri olub və mövsümün sonunda avrokuboklardan uzaq qalmışıq. Səhv olub. Etiraf edirəm. Zərərimizə olan səhvləri saysaq, uçurum olar. İstəmirəm ki, oyunumuzda səhvlər olsun. “Neftçi”yə vurduğumuz qolda ofsayd olduğunu biləndə oyunun nəticəsinə görə məyus olmuşdum”.


