Renat Dadaşov üçün 21-ci qolsuz oyun

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində Poznan “Lex”i ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və məğlubiyyətə üzülüb – 0:1. Renat bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.

31 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 31 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 21 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: