Nəriman Axundzadə assist etdi, “Kolumbus Kru” yarımfinala çıxdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün ABŞ Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Nyu York Siti” ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutmuş oyun Ohayo təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, 59-cu dəqiqədə komandasının vurduğu yeganə qolda Maksimilian Arfstenə məhsuldar ötürmə verməklə qələbədə pay sahiblərindən biri olub.

“Kolumbus Kru” yarımfinalda “Orlando Siti” ilə üz-üzə gələcək. Bu oyun sentyabrın 17-də keçiriləcək.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 9 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: