“Trabzonspor” futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün həlledici oyununda “Konyaspor”a qalib gəlib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Antlayada üz-üzə gəliblər.
Həlledici oyunda qapılara 3 qol vurulub. Trabzon təmsilçisi yekunda 2:1 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində Pol Onuaçu dubla imza atıb. Konyalıların təsəlli qolunu isə Cekson Muleka vurub.
Beləliklə, Trabzon klubu tarixində 10-cu dəfə Türkiyə Kubokunun qalibi olub. Sözügedən komanda daha öncə 1976/1977, 1977/1978, 1983/1984, 1991/1992, 1994/1995, 2002/2003, 2003/2004, 2009/2010 və 2019/2020 mövsümlərində də ölkə kubokunun qalibi olmuşdu.
Türkiyə Kubokunda ən titullu komanda “Qalatasaray”dır. Sözügedən komanda 19 dəfə kuboku başı üzərində qaldırıb. İkinci yerdə 11 titula malik “Beşiktaş” qərarlaşıb.
Türkiyə Kuboku
Final
22 may
Trabzonspor – Konyaspor 2:1
Qollar: Pol Onuaçu, 18; 79-pen – Cekson Muleka, 50.


