Marko Yankoviç mövsümü dəyərləndirdi

Futbol üzrə Monteneqro yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç 2025/2026-cı illər mövsümünün yekunu ilə bağlı paylaşım edib.

Arena.az xəbər verir ki, monteneqrolu futbolçu sosial şəbəkə hesabında bunları yazıb:

“Daha bir futbol mövsümü başa çatdı. Bir mövsüm davam edən səyahət! Amma bu səyahət 100 il ərzində yaddaşımda qalacaq. Bunun bir hissəsi olan hər kəsə, mənə inanılmaz anları yaşamaq üçün təkcə futbolda deyil, həm də həyatda dəyərli olan vacib dərslər öyrənmək imkanı verən hamıya minnətdaram. Bu, əyləncəli, çətin və həqiqətən də maarifləndirici idi. İndi isə milli komanda vaxtıdır”.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Təcrübəli futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.

30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 171 oyun keçirib, 13 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 59 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: