Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc medalçısı “Turan Tovuz” kapitanı Şəhriyar Əliyev ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Komandanın kapitanı olan 33 yaşlı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti artırılmayıb. Klubun yaydığı rəsmi açıqlamada bunlar qeyd edilib:
“Premyer Liqaya yüksəldiyimiz 2022/2023-cü illər mövsümündən etibarən formamızı qürurla daşıdığına görə kapitanımıza təşəkkür edir, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayırıq!”
Qeyd edək ki, bu, Tovuz təmsilçisində bu yayın ilk ayrılığıdır.
Şəhriyar Əliyev “Turan Tovuz”un heyətində 86 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə verib. Təcrübəli mərkəz müdafiəçisi daha öncə “Kəpəz”, “Şamaxı”, “bakı”, “Sumqayıt” və “Qarabağ”da da forma geyinib. O, Azərbaycan millisində də 3 oyun keçirib.


