2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha 3 futbolçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi Novruz Məmmədov, yarımmüdafiəçilər Aqşin Paşayev və Ürfan İsmayılovun müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, daha öncə qapıçı Əli Həsənli, müdafiəçilər Zahid Mərdanov, Hüseyn Mürsəlov, Seymur Rəhimov, yarımmüdafiəçilər Emin Zamanov, Elvin İsmayılov və Aqil Nəsibov, hücumçular Amir Ebrahimzade və İbrahim Əliyevin də bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.
“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Məmmədov Hüseynov və Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu, “Qəbələ”dən Murad Musayev transfer edib. Kapitan Tərlan Quliyev və Elnur Cəfərovla da yeni müqavilə imzalanıb.


