Uahbi: “Dünya çempionu olmaq hədəfinə inanmalıyıq”

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi dünya çempionatının qrup mərhələsində Haiti yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların görüşü Mərakeşin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Məhəmməd Uahbi matçdan sonra rəhbərlik etdiyi yığmanın gündən-günə irəlilədiyini söyləyib:

“Mərakeş futbolu tamamilə yeni mərhələyə qədəm qoyub. Futbolçular və azarkeşlər komandaya inanırlar, rəqiblərimiz isə bizə hörmətlə yanaşırlar. Biz bu məqsədə – dünya çempionu olmaq hədəfinə inanmalıyıq. Bütün gücümüzü ortaya qoymalı, rəqiblərimizə hörmət etməli və bu ambisiyaya yüz faiz sadiq qalmalıyıq. Mən öz işimə və məşqçilər korpusunun fəaliyyətinə böyük inam bəsləyirəm. Dünyanın ən yaxşı futbol ölkəsinə çevrilmək üçün lazım olan bütün keyfiyyətlərə sahibik”.

Mümkün rəqiblərlə bağlı danışan baş məşqçi seçim etmədiyini bildirib:

“Heç bir üstünlük vermirəm. Sabah kiminlə qarşılaşacağımız bəlli olacaq. Hər bir oyuna eyni məqsəd və eyni inamla çıxacağıq”.

Haiti millisinin baş məşqçisi Sebastyen Minye də uduzduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib. Mütəxəssis komandasının mundialda tarixi nəticə əldə etməyə çox yaxın olduğunu bildirib:

“Bu dünya çempionatında tarix yazmağa çox yaxın idik. Hətta qalib gələ bilməsək belə, turniri başımız dik şəkildə tərk etmək istəyirdik. Düşünürəm ki, bunu bacardıq”, – deyə Minye bildirib.

Qeyd edək ki, Haiti millisi DÇ-2026-nın qrup mərhələsində mübarizəni dayandırsa da, komanda turnirdə nümayiş etdirdiyi əzmkarlıqla diqqət çəkib. Baş məşqçi də futbolçularının sonadək mübarizə aparmasından razı qaldığını vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: