Fransa millisi futbol üzrə dünya çempionatları tarixində 150 qol həddini keçmiş dördüncü yığma komanda kimi tarixə düşüb.
Arena.az xəbər verir ki, “xoruzlar” bu göstəriciyə DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvay yığması üzərində qazandıqları 1:0 hesablı qələbə sayəsində çatıb.
Qarşılaşmadakı yeganə qolu Kilian Mbappe vuraraq Fransa millisinin dünya çempionatları tarixindəki qol sayını 150-yə çatdırıb.
Bu göstəricidə Fransa yalnız üç yığmadan geri qalır. Dünya çempionatları tarixində ən çox qol vuran komanda Braziliyadır (246 qol). Sonrakı pillələrdə Almaniya (243 qol) və Argentina (163 qol) yığmaları qərarlaşıblar.
Fransa millisi DÇ-2026-da uğurlu çıxışını davam etdirir. Didye Deşamın rəhbərlik etdiyi komanda 1/4 final mərhələsində Mərakeş yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 9-da keçiriləcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.


