ABŞ, Meksika və Kanadada təşkil edilmiş futbol üzrə dünya çempionatı (DÇ-2026) Braziliya millisi üçün uğursuz nəticə ilə yadda qalıb.
Arena.az xəbər verir ki, beşqat dünya çempionu 1/8 finalda Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq mübarizəni erkən başa vurub.
Bununla da Braziliya millisi son 36 ildə ilk dəfə dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazana bilməyib.
Braziliyalılar sonuncu dəfə belə uğursuzluqla 1990-cı il dünya çempionatında üzləşmişdilər. Həmin vaxt komanda 1/8 finalda Argentinaya 0:1 hesabı ilə uduzmuşdu. Argentina isə həmin mundialda finala qədər irəliləmişdi.
Braziliya dünya çempionatları tarixinin ən titullu millisidir. “Selesao” 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə dünya çempionu olub. Bununla belə, komanda sonuncu çempionluğunu qazandığı 2002-ci ildən bəri mundialın finalına yüksələ bilməyib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu isə Argentina millisidir.


