Ronaldo: “Əsas günahkar Ançelottidir”

Braziliya millisinin sabiq hücumçusu, ikiqat dünya çempionu Ronaldo Nazario DÇ-2026-dakı uğursuz nəticəyə münasibət bildirib.

Arena.az xəbər verir ki, o, milli komandanın dünya çempionatının 1/8 finalında mübarizəni dayandırmasının əsas səbəbi kimi baş məşqçi Karlo Ançelottinin verdiyi qərarları göstərib.

Əfsanəvi futbolçu Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra italiyalı mütəxəssisin heyət seçimini sərt tənqid edib:

“Karlo Ançelotti futbol tarixinin ən böyük məşqçilərindən biridir. Amma bu axşam o, həddindən artıq çox səhvə yol verdi. Hələ də başa düşmürəm ki, niyə Joao Pedro dünya çempionatının heyətinə daxil edilmədi. O, möhtəşəm mövsüm keçirmişdi, əla formada idi və Braziliyaya hücumda fərqli xüsusiyyətlərə malik futbolçu lazım idi”.

Ronaldo Endrikin də turnir ərzində kifayət qədər şans qazanmadığını vurğulayıb:

“Endrik hər dəfə meydana çıxanda enerjisi, aqressivliyi və gözlənilməz oyunu ilə seçilirdi. Buna baxmayaraq, dünya çempionatının böyük hissəsini ehtiyat oyunçular skamyasında keçirdi”.

İkiqat dünya çempionu komandanın ulduz futbolçularından Vinisius Juniorun da gözləntiləri doğrultmadığını bildirib:

“Hamımız onun nə qədər istedadlı olduğunu bilirik. Amma bu dünya çempionatı Vinisius üçün uğurlu alınmadı. O, klubunda gördüyümüz oyunu millidə sərgiləyə bilmədi.

Norveç qələbəyə layiq idi. Amma Braziliya bu məğlubiyyətdə rəqibinə hələ oyun başlamazdan əvvəl öz səhvləri ilə kömək etdi”.

Qeyd edək ki, Braziliya millisi Norveçə məğlub olaraq son 36 ildə ilk dəfə dünya çempionatında 1/4 finala yüksələ bilməyib. Buna baxmayaraq, Braziliya Futbol Konfederasiyası Karlo Ançelottinin müqaviləsini 2030-cu ilə qədər uzadıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: