Belçika millisinin aparıcı futbolçuları Yuri Tilemans və Tibo Kurtua DÇ-2026-nın 1/4 finalında İspaniyaya qarşı keçirilən oyunda zədələniblər.
Arena.az xəbər verir ki, komandanın kapitanı Yuri Tilemans qarşılaşma başlamazdan əvvəl isinmə zamanı zədə alıb.
Nəticədə o, start heyətindən çıxarılıb və onun yerinə Hans Vanaken meydana buraxılıb.
Turnirdə keçirdiyi beş oyunda iki qol vuran Tilemansın zədəsinin ağırlığı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Belçika millisi oyun ərzində daha bir ciddi itki ilə üzləşib. Təcrübəli qapıçı Tibo Kurtua ikinci hissədə aldığı zədə səbəbindən görüşü davam etdirə bilməyib.
71-ci dəqiqədə onu Senne Lammens əvəzləyib. Dəyişiklikdən sonra Kurtuanın göz yaşlarını saxlaya bilməməsi diqqət çəkib.
34 yaşlı qolkiper 2018-ci ildən Madrid “Real”ının formasını geyinir. O, İspaniya klubu ilə üç dəfə La Liqanın, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Kurtua həmçinin Belçika millisinin heyətində 2018-ci il dünya çempionatının bürünc medalını qazanıb.


