Xaminton Kampas Kolumbiyaya qayıtmadı – ölüm təhdidlərinə görə

Futbol üzrə Kolumbiya millisinin hücumçusu Xaminton Kampas ölüm təhdidləri aldığı üçün dünya çempionatından sonra vətəninə qayıtmayıb.

Arena.az bu barədə “Infobae” nəşrinin məlumatına əsasən xəbər verir.

26 yaşlı futbolçu Amerika Birləşmiş Ştatlarında (ABŞ) qalmaq qərarı verib. Buna səbəb DÇ-2026-nın 1/8 final mərhələsində İsveçrə ilə oyundan sonra sosial şəbəkələrdə ünvanına göndərilən ölüm təhdidləridir.

Həmin görüşdə Xaminton Kampas matçın son dəqiqələrində əlverişli qol fürsətindən yararlana bilməyib. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə Kolumbiya millisi 3:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Kolumbiya futbolu tarixində buna bənzər faciəli hadisə yaşanıb. 1994-cü il dünya çempionatından sonra ABŞ-la oyunda avtoqol vuran müdafiəçi Andres Eskobar vətənində güllələnərək qətlə yetirilmişdi. Həmin hadisə dünya futbolunun ən faciəvi səhifələrindən biri hesab olunur.

Daha öncə “Deportes Tolima” və “Qremio”da da oynamış Kampas 2023-cü ildən Argentinanın “Rosario Sentral” komandasında çıxış edir. 26 yaşlı futbolçu 2021-ci ildən formasını geyindiyi Kolumbiya millisinin heyətində 13 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: