“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov yeni mövsümə hazırlıq çərçivəsində “İmişli”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Cavid Hüseynov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər. Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdur. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq”.
Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə əvəzedici komandasına qarşı keçirdiyi yoxlama oyununda 11:2 hesablı qələbəyə sevinmişdi.


