2026/2027-ci illər mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz” qardaş ölkədəki hazırlıq çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, bölgə təmsilçisi ikinci sınaq matçında Türkiyənin “Fatih Karagümrük” komandası ilə qarşılaşıb.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv bu görüşdə də 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Tovuzluların yeganə qoluna İbrahima Vadji imza atıb.
Xatırladaq ki, “Turan Tovuz” daha əvvəl İranın 21 yaşadək futbolçulardan ibarət komandası (U-21) ilə də qarşılaşmış və heç-heçəyə razılaşmışdı – 1:1.
Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc mükafatçısı olan Tovuz təmsilçisi Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirəcək. Amma rəqibin kimliyi və oyunun tarixi hələ bəlli deyil.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasında ötən mövsümü 59 xalla 3-cü pillədə başa vurub. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda keçirdiyi 33 oyunda 17 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.


