Dambrauskas: “Nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 3-cü raundunda “Orhus”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları arasındakı cavab görüşü sabah Masazırda baş tutacaq.

Dambrauskas bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqib komanda Bakıya xoş gəlib. İnanıram ki, sabah həyəcanlı oyuna şahidlik edəcəyik. Lakin biz ev sahibi komandayıq. Azarkeşlərimizin dəstəyini hiss edəcəyimizə inanıram. Bir qolluq fərqi aradan qaldıracağıq. Görüşün sonunda nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik”.

Dambrauskas səfər matçında yaxşı oynadıqlarını vurğulayıb:

“Rəqib komandanın heyətində yaxşı futbolçular çoxdur. Rəqibə qarşı ilk oyunda yaxşı çıxış etdik. Bəlkə də futbolçularımız belə bu mərhələyə qədər yaxşı çıxış edəcəyimizə inanmırdılar. “Orhus”un stadionunda möhtəşəm atmosfer var idi. Məğlubiyyətdən narazı qalmışdıq. İnşallah, cavab görüşündə səhvləri təhlil etdikdən sonra uğurlu nəticə qazanacağıq”.

Litvalı mütəxəssis havanın nəticəyə təsir etmədiyini söyləyib:

“İqlim amili çox önəmli deyil. Biz orada olarkən hava başqa cür də ola bilərdi. Yəni, məğlubiyyəti hava ilə bağlamaq düzgün olmazdı. Mənim üçün ən arzuolunmaz vəziyyət havanın hədsiz küləkli olmasıdır. İnanırıq ki, sabah hər şey qaydasında olacaq”.

“Sabah”ın futbolçusu İvan Lepinitsa da matçdan öncə düşüncələrini paylaşıb. Yarımmüdafiəçi görüşə ciddi hazırlaşdıqlarını bildirib:

“Səfərdə çox yaxşı çıxış etmişdik. Rəqibin 2 dəfə uzaq məsafədən qol vurmaq şansı oldu və bundan maksimum istifadə etdilər. Cavab matçına çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, mərhələni adlayan tərəf biz olacağıq”.

Xatırladaq ki, “Sabah” – “Orhus” oyunu avqustun 11-də “Masazır Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: