Çempionlar Liqasının pley-offunda “Hapoel”lə (Beer-Şeva) qarşılaşacaq “Sabah”ın İsrail təmsilçisi ilə ev oyununu keçirəcəyi stadion bəlli olub.
Arena.az xəbər verir ki, “bayquşlar” bu rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Azərbaycan çempionunun ev oyununun başlama saatı da bəllidir. Tərəflər arasında Bakıdakı matç avqustun 25-də baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək.
Bu komandaların ilk görüşü isə avqustun 19-da Rumıniyanın Buxarest şəhərindəki “Cüleşti” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Qeyd edək ki, ölkə ərazisindəki müharibə şəraiti ilə əlaqədar olaraq İsrail klublarına ev oyunlarını doğma meydanda keçirməyə icazə verilmir. Bu üzdən də Beer-Şeva “Hapoel”i də “Sabah”ı Rumıniyada qəbul edəcək.
Xatırladaq ki, tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparan Azərbaycan klubu 1-ci, 2-ci və 3-cü təsnifat mərhələlərində rəqiblərini “Masazır Arena”da qəbul edib.


