Elvin Cəfərquliyev əməliyyat olunacaq, 3 ay oynamayacaq

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın sol cinah müdafiəçisi təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Qarabağ”ın zədəli futbolçularının son durumunu açıqlayıb.

Xəbərdə vurğulanır ki, Pedro Bikalyonun zədəsi tam sağalıb. Yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Renaldo Sefasın müalicəsi davam edir. Onun bərpa prosesində müsbət dinamika müşahidə olunur və “Tvente” ilə Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək.

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev isə əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.

İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.

İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbola qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.

Zəkəriyyə Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: