Xorvatiyalı futbol mütəxəssisi Nenad Belitsa Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor”a baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, klub rəhbərliyi xorvatiyalı mütəxəssislə razılığa gəlib:
“Klubumuz təcrübəli xorvatiyalı baş məşqçi Nenad Beyitsa ilə mövsümün sonuna qədər ilkin razılığa gəlib. Belitsa və onun məşqçilər heyəti bu gün xüsusi təyyarə ilə Samsuna gələcək. Proseslə bağlı yeniliklər ictimaiyyətə əlavə olaraq açıqlanacaq”, – deyə klubun bəyanatında bildirilib.
Qeyd edək ki, “Samsunspor” bundan əvvəl almaniyalı mütəxəssis Torsten Finklə yollarını ayırıb. Fink bu il fevralın ortalarında “Samsunspor”la 1,5 illik müqavilə imzalamışdı. O, komandanın baş məşqçisi kimi 25 oyuna çıxıb. Bu müddətdə 11 qələbə qazanan, 10 dəfə məğlub olan və 4 heç-heçə edən Finkin rəhbərliyi altında komanda hər matça orta hesabla 1,48 xal toplayıb.
Belitsa isə 2023-cü ildə Türkiyənin digər klubu “Trabzonspor”u çalışdırıb. O, son olaraq 2024-cü ilin sentyabr-dekabr aylarında Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına rəhbərlik edib. 55 yaşlı mütəxəssis bundan öncə “Union Berlin”, “Osiyek”, “Lex” (Poznan), “Spetsiya”, “Austriya” (Vyana), “Lustenau” kimi kollektivləri də çalışdırıb.


