Aftandil Hacıyev: “Keşlə”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma…”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun haqqında çox danışmaq istəmirəm. Məğlub olduq. Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, yəqin ki, gələcəkdə işimiz daha da çətin olacaq.

Futbolçuların əziyyətinə heyfim gəlir. Ardıcıl olaraq üçüncü dəfədir süni ot örtüyündə oynamaq və məşq etmək məcburiyyətində qalmışıq. Bundan sonra “Qarabağ”la oyun da burada olacaq. Çempionatdakı fasilədə bir neçə futbolçunun zədələnməsi və məşqi buraxmasına görə də əziyyət çəkdik. Problemlərimizdən çox danışmaq istəmirəm.

İlk hissə bizə siqnal verildi ki, müdafiədə boşluqlar var. Oyunçuların verilən tapşırığı düzgün yerinə yetirməməsi asanlıqla sezilirdi. Fasilədə düzəliş etmək istədik. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik. Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır. Orada cərimə zərbəsi var idimi? Buna baxmaq lazımdır.

Matçın sonlarında isə rəqib müdafiədəki boşluqlardan istifadə etdi. “Keşlə”nin hücum xəttində kifayət qədər geniş seçim var. Biz isə Rauf Əliyev sarı vərəqə alsa da, meydanda saxlamağa məcburuq. İkinci hücumçumuz yoxdur. Oyunumuzda fərq hiss etdirməməyə çalışdıq. Amma rəqib keyfiyyət baxımından üstün idi. Onları təbrik edirəm.

Yığma komandanın oyunları ilə əlaqədar yaranan fasilənin işimizə yaramadığını demək olar. Adil Nağıyev “Neftçi” ilə oyunda zədələndiyi üçün bir həftə məşq etmədi. Əslində, “Neftçi” ilə görüşün yerinin dəyişdirilməsindən narahat idim. Amma başqa əlac da yox idi. Onların meydanı təmirə bağlanmışdı. Ardıcıl süni ot örtüyündə oynamaq oyunçular üçün çətin olur.

İlk qolu buraxan zaman Kamran Ağayevi çağırmağıma səbəb o oldu ki, qapıçı müzakirə aparmalı deyildi. Rəqib tez başlayıb, qol vura bilərdi. Hansı ki, bunu etmək istədilər. Belə hallarda qapıçı müzakirə aparmamalı və yerinə qayıtmalıdır. Mən də bunu kənardan hiss edirdim. Orada cərimə zəribəsi var idimi? Rauf Cabarov oyunu yaxşı səviyyədə idarə etməyə çalışsa da, alınmadı. Bəzən birtərəfli qərarlar görünürdü. Məncə, birinci qolda rəqib Kamranı itələyib cərimə meydançasından çıxartdı. Bütün hallarda “Keşlə” daha istəkli idi. Qələbələrinə kölgə salmaq istəmirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: