Serbiyanın paytaxtı Belqradda təşkil olunan boks üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, Azərbaycan millisinin daha iki boksçusu mübarizəyə başlayıb.
Mundialın ikinci gününün axşam seansında rinqə çıxan təmsilçilərimizdən biri qələbə qazandığı halda, digəri məğlubiyyətə üzülüb.
Boksçumuz Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Enxmandağ Xarxuu (Monqolustan) ilə döyüşüb. O, rəqibini məğlub edərək növbəti görüşə vəsiqə qazanıb. Yusifzadənin 1/8 finalda rəqibi puerto-rikolu Yankiel Rivera olacaq. Döyüş noyabrın 1-nə təsadüf edəcək.
92 kq çəkidə yarışan Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş boksçumuz üçün uğurlu alınmayıb və rəqib mərhələ adlayıb.
Dünya çempionatının üçüncü günündə daha 2 boksçumuz yarışa qoşulacaq. Tayfur Əliyev (60 kq) Çarles Petit-Hommla (Haiti), Alfonso Dominqes Tavfiqulla Suleymani (AİBA) ilə qüvvəsini sınayacaq.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


