Dünya çempionatı: Daha iki boksçumuzdan uğurlu start

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki boksçusu mübarizəyə qoşulub.

Mundialın üçüncü günündə rinqə çıxan təmsilçilərimizin hər ikisi qələbə qazanıb. Alfonso Dominqes AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibinin asan qələbəsi ilə yekunlaşıb. Tokio-2020-nin də mükafatçısı olan Dominqes rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:26, 30:26) hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.

Tayfur Əliyev (60 kq) 1/32 final mərhələsi çərçivəsində Çarles Petit-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 29-da olacaq.

Qeyd edək ki, dünya çempionatının dördüncü günündə daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Yonas Yazeviçiuslə (Litva) gücünü yoxlayacaq.

Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: