Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun əsas komandasında debüt edib. Arena.az xəbər verir ki, bu, ikinci Bundesliqanın 16-cı turuna təsadüf edib.
“Şalke” səfərdə “Sankt Pauli” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1.
Rüfət bu görüşə start heyətdə başlayıb. O, 81-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Rüfət Dadaşov “Şalke”nin U-23 komandasında çıxış edir. Lakin əsas komandanın heyətində ciddi itkilər olduğundan, məşqçilər korpusu düşərgəyə yeni oyunçular cəlb etmək məcburiyyətində qalıb. Belə ki, zədə və digər xəstəliklər ucbatından Mixael Langer, Salif Sane, Darko Çurlinov, Saymon Terodde, Marius Bülter, Florian Flik, Ralf Fermann, Yaroslav Mixaylov və Mark Jatkovski bu oyunda komandasına kömək edə bilməyib. Bu üzdən məşqçilər korpusu U-23-dən Dadaşovla yanaşı qapıçı Feliks Vinandı, həmçinin U-19-dan gənc hücumçu Keke Toppu əsas kollektivə cəlb edib.
Dadaşov bu mövsüm “Şalke”nin U-23 komandasında 13 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurmaqla komandanın ən məhsuldar futbolçusudur.
Yeri gəlmişkən, “Şalke”nin U-23 komandası da bu gün növbəti matçına çıxıb. Rüfətin yoxluğunda bu komanda səfərdə “Videnbrük”lə qarşılaşmadan heç-heçə ilə ayrılıb – 2:2. Bu nəticədən sonra “Şalke II” 20 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
“Şalke”nin əsas komandası isə bu mövsüm ikinci Bundesliqada keçirdiyi 16 oyunda 26 xal toplayıb. Bu komanda hazırda 18 kollektiv arasında yeddinci pillədə qərarlaşıb.


