Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun əsas komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, millimizin hücumçusu ikinci Bundesliqanın 17-ci turu çərçivəsində baş tutan “Nürnberq”lə oyunun iştirakçısı olub.
“Şalke” doğma meydanda qarşılaşdığı bu rəqiblə oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Rüfət bu görüşün 89-cu dəqiqəsində meydana buraxılıb.
Xatırladaq ki, Rüfət Dadaşov “Şalke”nin U-23 komandasında çıxış edir. Lakin əsas komandanın heyətində ciddi itkilər olduğundan, məşqçilər korpusu ötən tur düşərgəyə yeni oyunçular cəlb etmək məcburiyyətində qalmışdı. Məşqçilər korpusu Rüfəti hətta “Sankt Pauli” ilə matçın start heyətdə meydana buraxmışdı.
Dadaşov bu mövsüm “Şalke”nin U-23 komandasında 13 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurmaqla komandanın ən məhsuldar futbolçusudur.
“Şalke”nin əsas komandası bu mövsüm ikinci Bundesliqada keçirdiyi 17 oyunda 29 xal toplayıb. Bu komanda hazırda 18 kollektiv arasında üçüncü pillədə qərarlaşıb.


