Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi Avropa birinciliyinə hazırlığı davam etdirir. Arena.az xəbər verir ki, komandamız martın 7-də Bakıda start götürən təlim-məşq toplanışının ilkin mərhələsini başa vurub.
Bu gün Boks Mərkəzində son məşqinə çıxan komandamız hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirəcək. Boksçularımız səfərə aprelin 2-də yollanacaqlar. Milli komandamız Ərzurumda Türkiyə yığması ilə birgə təlim-məşq toplanışı keçəcək. Hazırlığın həlledici mərhələsi ayın 10-dək davam edəcək. Aprelin 11-də isə Azərbaycan millisi qardaş ölkədən Avropa birinciliyinin təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək.
Yığmanın baş məşqçisi Elbrus Rzayevin sözlərinə görə, qitə birinciliyində Azərbaycanın idman şərəfini qoruyacaq boksçuların adlarına hazırlıq bitdikdən sonra aydınlıq gələcək. O, fiziki və texniki-taktiki çalışmaların, demək olar ki, yekunlaşdığını, Ərzurumda isə daha çox fərdi məşqlərə üstünlük verəcəyini deyib: “Məşqlərimiz yüksək səviyyədə keçib. 50-dək boksçu arasında seçim etmişik. Avropa birinciliyində tam heyətlə – 13 boksçu ilə təmsil olunacağıq. Lakin bəzi çəki dərəcələrində yekun qərarı hələlik verməmişik. Boksçuların adları Türkiyədəki toplanışdan sonra dəqiqləşəcək. Ərzurumda gündə 2, bəzi günlərdə 1 dəfə məşq edəcəyik. Orada əsas diqqət fərdi hazırlığa yönələcək. Həmçinin sınaq döyüşləri də keçirib, bir daha taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. Hədəfimiz Avropa birinciliyində uğurlu çıxış və inamlı qələbələrdir”.
Bolqarıstandakı Avropa birinciliyi aprelin 13-22-də olacaq.
Yeri gəlmişkən, gənclər və idman naziri Fərid Qayıbov martın 30-da bu yaxınlarda Xorvatiyanın Poreç şəhərində keçirilmiş 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançılarını qəbul edib. Görüşdə boksçuları qitə çempionatında uğurlu çıxışları münasibətilə təbrik edən Fərid Qayıbov onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Xatırladaq ki, komandamız Avropa çempionatında oğlanlar arasında ümumi hesabda 1 qızıl, 1 gümüş, 2 bürünc medalla 39 ölkə arasında 4-cü yeri tutub. Nicat Hüseynov (51 kq) Avropa çempionu olub. Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.


