“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin, demək olar ki, hamısının əzələlərində problem oldu. Bu da həyəcan və yüklənmədən irəli gəlir. Sonuncu turda ancaq yerli və gənc oyunçulara şans vermək planımız yoxdur. Mövsümün sonuna yaxın futbolçuları öz formalarından tam uzaqlaşdırmaq da olmaz. Özünüz də görürsünüz, hər matçda rotasiyalar edirdim ki, oyun praktikası itirilməsin. Gələn matçda az oynayan futbolçular meydanda olacaqlar. Balansı qoruyub-saxlayırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənclər U-21-in heyətində də meydana çıxırlar”.
Qurban Qurbanov Riçard Almeyda və Toral Bayramovun yorğunluğa görə axsayaraq gəzdiklərini söyləyib: “Sudurqa tutub, ona görə belə hallar baş verir”.
Təcrübəli baş məşqçi “Neftçi”yə qarşı son tur matçına eyni heyətlə çıxmayacaqlarını vurğulayıb: “Başqa dəyişikliklər olacaq. Bu gün Marko Veşoviçə istirahət vermişdim. Abbas Hüseynovda isə zədə var. Kubokun finalına çata bilər. Amma hələ məşqlərə başlamayıb. Yəqin, “23-lük”də olacaq. Lakin meydana çıxacağına inanmıram. Qəbələyə final matçından 1 gün əvvəl yollanacağıq”.
“Biz artıq növbəti mövsümü düşünə bilərik”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev isə darmadağını belə şərh edib:
“Artıq çempionluğu təmin etmiş komandaya qarşı oynayırdıq. Onları bu çempionluq münasibətilə təbrik edirəm. Bu oyunda bizi yalnız o düşündürürdü ki, son turda “Sumqayıt”la görüşə son pillədən qurtulmaq şansımızı saxlayaq. Lakin bu da alınmadı. Onsuz da bu heyətlə ciddi hədəflər uğrunda mübarizə apara bilməyəcəyimiz bəlli idi. Sadəcə, futbolçuların əzmi, istəyi ilə nəyəsə nail olacağımız ümidliydik. Amma təəssüf ki, bu ümidlərimiz doğrulmadı. Müasir futbolda hər xırda detal çox vacibdir. Hesab edirəm ki, növbəti mövsümdə indikindən daha yaxşı mövqelərdə olmağımız üçün heyətimiz azı 80 faiz dəyişməli, güclənməlidir.
Mövsümün sonuna kimi növbəti mövsüm barədə düşünməməyə çalışırdıq. Lakin bu gün “Sumqayıt”ın bir xal qazanması ilə son matçımızın demək olar ki, bir əhəmiyyəti qalmadı. Bu üzdən bütün fikrimzi növbəti mövsümə yönəldə bilərik. Heyətdəki oyunçulardan kimlərin qalacağı, kimlərin gedəcəyi barədə məşqçilər heyəti, rəhbərliklə birgə müzakirələrdən sonra qərar verəcəyik. Yaxşılığa doğru dəyişiklər gözlənilir.
Təbii ki, edəcəyimiz transferlərdən çox şey asılıdır. Çalışacağıq ki, keyfiyyətli futbolçular alaq, daha mübariz kollektiv formalaşdıraq. Rəhbərliklə söhbətimizdə də bu amilin rolu az olmadı. Həm də uzun müddətdir bu klubda çalışıram. Bütün bunlar yeni müqavilə bağlamağımda müəyyən rol oynadı. Digər tərəfdən klubun ən yaxşı günlərində burda olmuşamsa, ən çətin anlarında da atıb gedə bilməzdim. Təbii ki, bu mövsümdə olduğu şərtlər irəli sürülsəydi, bəlkə fikirləşərdim. Amma büdcənin ən azı indikindən daha yaxşı olacağına dair vədlər verildi. Bu, tək bizə aid deyil. Digər klublar da daha güclü olmağa çalışacaqlar. Ona görə növbəti mövsümdə daha maraqlı çempionat izləyəcəyimizi düşünürəm”.


