La Liqaya yüksəldilər – “Almeriya” və “Valyadolid”

Futbol üzrə İspaniya çempionatına – La Liqaya vəsiqə qazanan ilk iki komandanın adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, “Almeriya” və “Valyadolid” komandaları La Liqanın 2022/23 mövsümündə iştirak hüququ qazanıblar.

Sequndada bu gün baş tutan mövsümün son turunda “Almeriya” “Leqanes”lə bərabərə qalıb – 2:2. “Valyadolid” isə son oyunda “Hueska”nı məğlub edərək (3:0) mövsümü 2-ci pillədə başa vurub. Hər iki komanda mövsümü 81 xalla bitirib. Lakin əlavə göstəricilərdə – şəxsi görüşlərin nəticələrində “Almeriya” “Valyadolid”dən üstün olduğu üçün çempion olub.

“Valyadolid” aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb. “Almeriya” isə 2015-ci ildən bəri yüksək liqada oynamırdı.

Elitaya sonuncu vəsiqənin sahibi pley-off oyunlarından sonra aydınlıq gələcək. Bu vəsiqəyə 4 komanda namizəddir. Bunlar 3-cü olan “Eybar” (80 xal), 4-cü yeri tutan “Las Palmas” (70 xal), 5-ci pillədə qərarlaşan “Tenerife” (69 xal) və 6-cı sıranı tutan “Jirona”dır (68 xal). Bu komandalar əvvəlcə yarımfinal, daha sonra final qarşılaşmasında sonuncu xoşbəxti müəyyənləşdirəcəklər.

Xatırladaq ki, geridə qalan mövsümün nəticələrinə əsasən La Liqanı “Qranada”, “Levante” və “Alaves” komandaları tərk edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: