Canni De Byazi: “Özümüzə inanmalıyıq ki, nəticə də gəlsin”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqası çərçivəsində Belarus yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Millətlər Liqasına yaxşı başlamamışıq. Amma hər üç oyunda yaxşı oynamışıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da yaxşı çıxış etdik. Ən azından bir xal ala bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik.

Sabah Belarusa qalib gəlməliyik. Belarusla görüşdən sonra Qazaxıstanla oyunumuz olacaq. Son oyunda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xal toplayaq.

Çoxlu imkanlarımız olur. Amma hələ ki, qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindir. Qazaxıstanla görüşdə imkanlarımız var idi, amma iki qol buraxdıq və uduzduq.

Sabahkı oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü matçımıza çıxacağıq. Rəqiblərimiz də vəziyyət belədir. Sabahkı oyunda var gücümüzü qoyacağıq ki, qalib gələk”.

Canni De Byazi psixoloji vəziyyətin yaxşı olmadığını vurğulayıb: “Çünki ilk iki oyunda qol vura və qalib gələ bilmədik. Son oyunda daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır. Meydanda sona qədər vuruşmalı, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüz özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub”.

İtaliyalı baş məşqçi kapitan Maksim Medvedevin durumu haqqında danışıb: “Sabah səhər yüngül məşqimiz olacaq. Vəziyyətinə onda baxacağıq. Son oyunda ayağından zədə alıb, ağrısı var. İstəyərdim ki, sağalsın, sabah bizimlə olsun. Çünki Maksim vacib oyunçudu, komandaya çox köməyi dəyə bilər”

Mətbuat konfransında iştirak edən Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev isə bunları söyləyib:

“Azərbaycan yığması bizimlə eynigüclü komandadır”

“Sabah qalib gəlməyi çox istəyirik. Bizim üçün çox vacib oyundur. Meydana yalnız qələbə üçün çıxacağıq. Bu rəqiblə bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Başa düşürük ki, nəticə vermək lazımdır. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələlik alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik”.

Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev Bakıda jurnalistlər önünə çıxıb. Təcrübəli mütəxəssis sabah qələbə qazanmaq istədiklərini bildirib:

“Bütün matçlara eyni istəklə yanaşırıq. Hər qarşılaşmada istəyimiz birdir. Bakıya da bu istəklə gəlmişik. Bir neçə gün əvvəl Azərbaycan seçməsi ilə oynamışdıq və qolsuz bərabərlik qeydə alınmışdı. Onları yaxşı tanıyırıq. Bizimlə eynigüclü komandadır. Qrupdakı digər rəqiblərimizin də səviyyəsi bərabərdir. Bu cür oyunların taleyini kiçik epizodlar həll edir”.

Kondratyev köməkçilərinin “Sumqayıt”ın belaruslu baş məşqçisi Aleksey Baqa ilə danışdığını söyləyib: “Bizdə kifayət qədər tənqid var. Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisinin sükanı arxasındayam”.

Baş məşqçi futbolçu olduğu dönəmdə də Bakıya səfər etdiyini vurğulayıb: “Sizin yaxşı müdafiəçiləriniz var idi. Yaşar Vahabzadə, Asim Xudiyevin adını çəkə bilərəm. Onlara qarşı oynamaq heç də asan deyildi. Hətta bəzi futbolçularınızla dostluq münasibətim var. Burada İsgəndər Cavadovu qeyd edərdim. Oyunlarımız çox yaxşı keçirdi. Azərbaycana səfər etmək hər zaman xoşdur”.

Belarus yığmasının müdafiəçisi Ruslan Yudenkov da matçdan öncə fikirlərini bölüşüb:

“Azərbaycan yığması oyun strukturu olan yaxşı komandadır. Onlar futbolun necə oynanıldığını bilirlər və topa sahib olmağı sevirlər.

Bizə gəlincə, əhval-ruhiyyə o qədər də yüksək deyil. Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur”.

Sabah keçiriləcək Azərbaycan – Belarus matçına saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: