Futbol üzrə Argentina millisinin sabiq hücumçusu Karlos Teves karyerasını başa vurub. Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında bildirib.
O, qərarına atası Sequndo Raymundonun ölümünün təsir etdiyini deyib: “Karyeramı başa vurduğumu bəyan edirəm. ABŞ da daxil olmaqla bir çox ölkədən təklif almışdım. Amma futbola əlimdən gələni verdim, daha bəsdir. Ötən il oynamaq mənim üçün çox çətin idi. Əsas fanatımı itirdiyim üçün daha futbol oynamaq istəmirdim. Vəssalam, bu oyunla birdəfəlik qurtardım”.
Xatırladaq ki, sonuncu komandası “Boka Xuniors” olan Teves, 2018-ci ildən bu klubun uğurları üçün çalışırdı. Təcrübəli forvard 2001-04 və 2015-16-cı illərdə də bu klubun formasını geyinib. O, ailəvi səbəblərdən 2021-ci ilin fevralında karyerasını müvəqqəti dayandırmışdı. “Karlitos” ləqəbli futbolçu “göy-sarılar”ın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 279 oyunda 94 qola imza atıb. O, ölkə nəhəngi ilə 11 titul qazanıb.
Teves zəngin karyerası ərzində “Korintians” (2005-06), “Vest Hem” (2006-07), “Mançester Yunayted” (2007-09), “Mançester Siti” (2009-13), “Yuventus” (2013-15) və “Şanxay Şenxua”da (2016-18) da oynayıb. Hüdumçu 5 dəfə “Boka Xuniors”la Argentina, bir dəfə “Korintians”la Braziliya, iki dəfə MY, bir dəfə MS ilə İngiltərə, iki dəfə “Yuventus”la İtaliya çempionatının qalibi olub. O, həm də “Boka Xuniors”la Libertadores Kuboku, Sudamerikana Kuboku və Qitələrarası Kubokun, MY ilə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub. Argentina yığması ilə 2004-cü ildə keçirilən Olimpiadanın qızıl medalını qazanıb. Ölkəsinin əsas komandasında 2004-15-ci illər aralığında 76 oyun keçirib, 13 qol vurub.
Teves ardıcıl üç dəfə (2003-05) Cənubi Amerikada ilin ən yaxşı futbolçusu seçilib.
Yeri gəlmişkən, Karlos Teves futbolçu karyerasını bitirsə də, futboldan kənarda qalmayacaq. Belə ki, veteran hücumçu karyerasını başa vurduğunu elan etdikdən bir neçə gün sonra ölkəsinin “Rosario Sentral” komandasının baş məşqçisi təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb. Keçmiş forvard məşqçilik kurslarını bitirmədiyindən rəsmi protokolda baş məşqçi kimi göstərilməyəcək.


