Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Emre Mor “Fənərbaxça” ilə müqavilə bağlayıb. Arena.az xəbər verir ki, “Fatih Karagümrük” klubundan transfer olunmuş vingerin keçidi nəhayət ki, bu gün tam rəsmiləşib.
Klublar bu keçidlə bağlı danışıqların başladığını hələ bir neçə gün öncə açıqlamışdılar. Bu gün isə “Fənərbaxça” yeni transferi ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.
Emre Mor ötən mövsümün əvvəlindən “Fatih Karagümrük”də çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 29 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
24 yaşlı vinger karyerasına Danimarkada – “Nordsyelland” komandasında başlayıb. 2016-cı ildə o, Almaniyanın “Borussiya” (Dortmund) klubuna transfer olunub. 2017-ci ildə Bundesliqa təmsilçisini tərk edən futbolçu İspaniyanın “Selta” klubu ilə müqavilə bağlayıb. Lakin İspaniya klubunda möhkəmlənə bilməyən oyunçu, 2019/20 mövsümünü icarə əsasında “Qalatasaray”da keçirib. 2020-ci ildə Yunanıstanın “Olimpiakos” klubuna icarəyə verilən yarımmüdafiəçi, ötən il də “Fatih Karagümrük” tərəfindən icarəyə götürülmüşdü.
Vaxtilə Danimarkanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Emre, 2016-cı ildən Türkiyə millisini seçib. O, “ay-ulduzlular”ın heyətində cəmi 15 matça çıxıb, 1 qol vurub.
Xatırladaq ki, “Fənərbaxça” Emre Mordan öncə Bruma və Linkoln Enrikeni transfer etmişdi.


