Aleksey Baqa istefaya göndərildi – “Sumqayıt”da gözlənilən ayrılıq

Sumqayıt” komandasının baş məşqçisi Aleksey Baqa istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin rəsmi saytı məlumat yayıb.

41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub belaruslu məşqçiyə xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Aleksey Baqa 2021-ci ilin dekabrında “Sumqayıt”ın baş məşqçisi təyin olunmuşdu. PRO kateqoriyalı mütəxəssislə həmin vaxt 2.5 illik müqavilə imzalanmışdı.

Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib. O, elə ilk ilindəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Bundan başqa, Baqa məşqçi karyerasında “Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.

Bu mövsümə çox uğursuz başlamış “Sumqayıt”, cari mövsümdə 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb. Bu komanda ötən mövsümü də 28 oyuna topladığı 22 xalla 8 iştirakçı arasında 6-cı pillədə başa vurmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: