AFFA İntizam Komitəsinin iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Birinci Divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz-2” – “Zaqatala” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün sözügedən klub 80 manat cərimə olunub. “Zaqatala”nın nümayəndəsi oyundan əvvəl iclasda iştirak etmədiyi üçün “Zaqatala” klubu 80 manat cərimə olunub.
“Qəbələ-2” – “Mingəçevir” oyununda diktor əvəzetmələri elan etmədiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunub. Oyunun protokolunda nömrə səhvinə yol verildiyinə görə “Mingəçevir” klubuna xəbərdarlıq olunub.
“Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Turan Tovuz” klubu 160 manat cərimə olunub. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunub.


