Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda “Qaradağ Lökbatan”ın oyunçusu Nodar Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 20 manat cərimə olunub.
“İmişli” – “Şamaxı-2” oyununda “İmişli”nin oyunçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Şamaxı-2” komandası oyun günü planının tələblərini pozduğuna görə klub 80 manat cərimə olunub. Matçda meydançaya kənar şəxslərin daxil olmasına görə “İmişli” klubu 160 manat cərimə olunub. Qonaq komandanın soyunub-geyinmə otağında isti suyun olmamasına görə “İmişli” klubu 80 manat cərimə olunub.
“Zaqatala” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın oyunçusu Raul Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 160 manat cərimə olunub. Matçda internet olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə olunub.
“Neftçi-2” – “Zirə-2” oyununda polis əməkdaşı oyundan öncəki iclasa gecikdiyinə görə “Neftçi” 40 manat cərimə olunub. “Neftçi-2” komandası meydançaya vaxtında çıxmadığına görə 80 manat cərimə olunub.
“Qarabağ-2” – “Kəpəz-2” oyununda “Qarabağ”ın oyunçusu Şirxan Həsənzadə rəqib komandanın oyunçularını təhqir etdiyinə görə 3 oyun cəzalanıb. Ağdam təmsilçisi buna görə 160 manat cərimə olunub. Oyun bitdikdən sonra meydançanın kənarında təhlükəsizlik təmin olunmadığı üçün kütləvi şəkildə intizamsızlıq baş verdiyinə görə meydan sahibi “Qarabağ” 400 manat cərimə olunub. Oyun bitdikdən sonra kütləvi intizamsızlıq baş verən zaman “Kəpəz”in bəzi oyunçuları rəqib komandanın oyunçularını təhqir etdiyinə görə Gəncə təmsilçisi 160 manat cərimə olunub. “Qarabağ”ın oyunçusu Rəhim Cəfərli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 4 oyun cəzalanıb. Ağdam klubu isə buna görə 320 manat cərimə olunub.


