“Zirə” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Azər Məmmədov istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Birinci Divizionda mübarizə aparan “Zirə”nin ikinci komandasının baş məşqçisi Azər Məmmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Azər Məmmədovun bundan sonra “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin köməkçisi kimi çalışacağı gözlənilir. Ötən gün Diniyevin təyinatını açıqlayan “dənizçilər” böyük ehtimalla Məmmədovun da köməkçi-məşqçi kimi fəaliyyətə başlayacağını bəyan edəcək.
Xatırladaq ki, Azər Məmmədov 2021-ci ilin iyun ayından “Zirə”nin əvəzedicilərinə rəhbərlik edirdi. Onun rəhbərlik etdiyi komanda bu mövsüm geridə qalan 14 turdan sonra 16 xalla 11-ci pillədə qərarlaşıb.


