Futbol üzrə Portuqaliya milli komandasının yarımmüdafiəçisi Joao Feliks İspaniyanın “Atletiko” (Madrid) klubundan ayrılıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərənin “Çelsi” klubuna keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. “Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 11 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.
Xatırladaq ki, Joao Feliks 2019-cu ilin iyul ayında 127 milyon avro qarşlığında “Benfika”dan “Atletiko”ya transfer olunmuşdu. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Portuqaliyalı futbolçu paytaxt təmsilçisində 131 oyuna çıxıb, 34 qol və 18 məhsuldar ötürmə müəllifi olub. “Benfika”nın yetirməsi Portuqaliya milli komandasında da 28 oyuna 4 qolla yadda qalıb.


