Maurisio Lemos “Fənərbaxça”nı Braziliya klubuna dəyişdi

Futbol üzrə Uruqvay milli komandasının və Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi Maurisio Lemos Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə “sarı-lacivərdlilər”in rəsmi saytı məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisinin Braziliyanın “Atletiko Mineyro” klubu ilə anlaşdığı diqqətə çatdırılıb. Türkiyə mətbuatı tərəflərin qarşılıqlı razılıq əsasında vidalaşdığını, futbolçunun azad agent statusu aldığını yazır. Müdafiəçi yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi müqavilə bağlayıb.

Maurisio Lemos 2020-ci ilin avqust ayında İspaniyanın “Las Palmas” klubundan 1.5 milyon avro qarşılığında “Fənərbaxça”ya keçmişdi. Lakin uruqvaylı futbolçu İstanbul təmsilçisində cəmi 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə klubu onu 2021/22 mövsümündə Belçikanın “Birşot” klubuna icarəyə də vermişdi. Lemos karyerası ərzində “Defensor Sportinq”, “Rubin” (Kazan) və “Sassuolo” klublarının da formasını geyinib. O, Uruqvay milli komandasında 2 oyun keçirib.

Türkiyə mətbuatının məlumatına görə, “Fənərbaxça” Qambiyadan baxışa dəvət etdiyi 6 istedadlı gənc oyunçudan ikisi ilə müqavilə bağlamağa qərar verib. Bunlar yarımmüdafiəçi Alagie Jobe ilə Çerno Sahodur. Onların gənclərdən ibarət komandalarda oynayacağı bildirilir.

İstanbul klubu öz akademiyasından olan cənubi koreyalı yarımmüdafiəçi Jinjo Jo ilə də peşəkar müqavilə bağlayıb. Tərəflər 3.5 illik müqaviləyə imza atıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: