Deyan Lovren Xorvatiya millisindəki karyerasını başa vurdu

Fransanın “Olimpik” (Lion) klubunun mərkəz müdafiəçisi Deyan Lovren Xorvatiya milli komandasındakı karyerasını başa vurub. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında paylaşıb.

Təcrübəli oyunçu vida açıqlamasında bunları qeyd edib: “Xorvatiya milli komandası ilə vidalaşmağın vaxtıdır. Baxmayaraq ki, hər oyunda komandanı həmişə dəstəkləyəcəm. Uşaq vaxtı milli komanda ilə böyük turnirlərdə oynamaq arzusunda idim. 2009-cu il oktyabrın 8-də millidə debüt etməyim həmişə yadımdadır. Aşağı yaş qrupları üzrə bütün yığma komandalarımızda oynamışdım, amma əsas məqsəd əsas milliyə düşmək idi. Milli komanda ilə tariximin ən yaxşı fəsilləri son beş ildə yazılıb. Düzünü desəm, hələ də onun yuxu olduğunu hiss edirəm. 2018 və 2022-ci illərdə o qədər emosiya yaşadım ki, bu təcrübəni sözlə təsvir etmək çətindir. O, mənim qəlbimdə əbədi olaraq qalacaq”.

Xatırladaq ki, Deyan Lovren 2009-cu ildən formasını geyindiyi Xorvatiya milli komandasında 78 oyun keçirib. O, bu oyunlarda 5 qol da vurub. Mərkəz müdafiəçisi milli komanda ilə DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medallara sahib çıxıb.

Lovren bu ilin əvvəlindən Lion “Olimpik”ində forma geyinir. O, Liqa 1 təmsilçisində 7 oyuna çıxıb. 2010-2013-cü illər aralığında da Fransa klubunda oynamış müdafiəçi, bu komandada bütövlükdə 111 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, “Liverpul” (185 oyun, 8 qol, 5 məhsuldar ötürmə), “Zenit” (63 oyun, 3 qol, 4 məhsuldar ötürmə), “Dinamo” (Zaqreb, 55 oyun, 3 qol, 1 məhsuldar ötürmə), “Sauthempton” (31 oyun, 2 qol, 1 məhsuldar ötürmə), “İnker” (29 oyun, 1 qol, 1 məhsuldar ötürmə) kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: