Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin gənc yarımmüdafiəçisi Ramin Nəsirli Latviya çempionatında oynayacaq. Arena.az xəbər verir ki, paytaxt klubu 20 yaşlı futbolçusunu Latviyanın “Dauqavpils” komandasına icarəyə verib.
Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, tərəflər arasındakı anlaşmaya əsasən, “Neftçi”nin yetirməsi olan yarımmüdafiəçi bu ilin sonunadək “Dauqavpils” klubunun uğurları üçün çalışacaq.
Xatırladaq ki, Ramin Nəsirli “Neftçi”nin əvəzedici heyətinin aparıcı futbolçularından biridir. O, ötən mövsümdən əsas komandanın da heyətində oyunlara çıxır. Gənc futbolçu ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. Nəsirli Azərbaycanın U-21 milli komandasının da üzvüdür.
Xatırladaq ki, Latviya çempionatında yeni mövsümə martın 11-də start veriləcək. Ramin Nəsirlinin komandası yeni mövsümün ilk matçında martın 12-də “Tukums 2000” kollektivinin qonağı olacaq.


