Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi “Sivasspor” İtaliyanın “Fiorentina” komandasını qəbul edib. Səfərdə tək qolla uduzan sivaslılar doğma meydanda daha böyük hesabla məğlub olublar. Nəticədə Türkiyənin bu turnirdəki daha bir klubu mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
“Vilyarreal” İspaniyada Belçikanın “Anderlext” komandasının müqavimətini qırmağa çalışsa da, doğma meydanda uduzaraq mübarizəni dayandırıb. İtaliyanın “Latsio” klubu da Niderlandda “Alkmaar”a məğlub olaraq yarışla vidalaşıb.
Polşanın “Lex” kollektivi İsveç “Yurqorden”inə cavab matçında da qalib gəlib. İsveçrə “Bazel”i isə Slovakiya “Slovan”ını penaltilər seriyasında üstələ bilib. Fransanın “Nitsa” komandası Moldova “Şerif”ini, İngiltərənin “Vest Hem” klubu isə Kipr AEK-ini mübarizədən kənarlaşdırmağı bacarıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında 1/4 finala ilk vəsiqəni bir gün öncə Türkiyədə “Başakşəhər”ə 4:1 hesabı ilə qalib gələn Belçika “Gent”i qazanmışdı.
Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin püşkü martın 17-də atılacaq.
Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
16 mart
“Sivasspor” (Türkiyə) – “Fiorentina” (İtaliya) 1:4
Qol: E.Yeşilyurt, 35 – Kabral, 44. Milenkoviç, 62. Qoutas, 78-öz qapısına. Kastrovilli, 89.
İlk oyun – 0:1
“Yurqorden” (İsveç) – “Lex” (Polşa) 0:3
Qol: Marçvinski, 77. Kvekveskiri, 90+1. Skoras, 90+2.
İlk oyun – 0:2
“Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə) 2:2 (penaltilər 1:4)
Qol: Abubakari, 10. Kuçka, 17 – Kalafiori, 53. Amduni, 90+3.
İlk oyun – 2:2
“Nitsa” (Fransa) – “Şerif” (Moldova) 3:1
Qol: Laborde, 30. Moffti, 53. Brahimi, 79 – Tapsoba, 54.
İlk oyun – 1:0
“Vest Hem” (İngiltərə) – AEK (Larnaka, Kipr) 4:0
Qol: Skamakka, 21. Bouen, 47; 49. Mubama, 65.
İlk oyun – 2:0
“Vilyarreal” (İspaniya) – “Anderlext” (Belçika) 0:1
Qol: Slimani, 73.
İlk oyun – 1:1
“Alkmaar” (Niderland) – “Latsio” (İtaliya) 2:1
Qol: Karlsson, 28. Pavlidis, 62 – F.Anderson, 21.
İlk oyun – 2:1


