Avropa Liqasının 1/8 final mərhələsinin “Betis”lə cavab oyunu “Mançester Yunayted”in hücumçusu Markus Raşford üçün əlamətdar olub. Arena.az xəbər verir ki, komandasının İspaniya təmsilçisinə 1:0 hesabıyla qalib gəldiyi oyundakı yeganə qolu məhz 25 yaşlı futbolçu vurub.
Bu, onun “Mançester Yunayted”in heyətində avrokuboklarda vurduğu 25-ci qoldur. Raşford “qırmızı şeytanlar”ın tarixində avrokuboklarda 25 qol həddinə ən gənc yaşda çatan futbolçuya çevrilib.
Raşford avrokuboklarda vurduğu qol sayına görə Kristiano Ronaldonu da geridə qoyub. Hazırda Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in formasını geyinən 38 yaşlı portuqaliyalı vaxtilə “Mançester Yunayted”in heyətində avrokuboklarda 24 dəfə fərqlənib. Raşford klub tarixində avrokuboklarda vurulan qolların sayına görə isə 6-cı yeri tutur. Pol Skoulzun hesabında 26 top var. 4-cı sırada 1962-1973-cü illərdə çıxış etmiş Dennis Lou gedir – 28 qol. Siyahıda 3-cü yeri Rayan Giqqz tutur – 29 qol. Rud van Nistelroy 2-ci pillədədir – 38. Rekord isə Ueyn Runiyə məxsusdur – 39 qol!
Raşford klubu ilə yanaşı, İngiltərənin də tarixinə düşüb. O, avrokuboklarda 25 qol vuran ən gənc ingiltərəli oyunçu rekordunu yeniləyib.
“Mançester Yunayted”in öz yetirməsi olan Markus Raşford bu komandanın heyətində indiyə qədər meydana çıxdığı 346 oyunda 120 qol vurub, 66 məhsuldar ötürmə edib. O, İngiltərə milli komandasında da 51 matça çıxıb, 15 qola imza atıb.
Xatırladaq ki, “Betis”i hər iki oyunda məğlub edən (4:1, 1:0) “Mançester Yunayted” turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb. Bu komandanın növbəti rəqibi bu gün keçiriləcək püşkatma mərasimində bəlli olacaq.


