Qadın boksçulardan ibarət Azərbaycan millisi üçün Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatı başa çatıb. Arena.az xəbər verir ki, ötən gün mundialda yarımfinal mərhələsinin görüşləri keçirilib.
Bu mərhələdə Azərbaycan millisinin boksçusu Aynur Rzayeva da rinqə çıxıb. +81 kq çəkidə çıxış edən yığma üzvü qazaxıstanlı Lazzat Kunqeybayeva ilə üz-üzə gəlib. Görüşdə rəqib qələbə qazandığından finala yüksəlib. Rzayeva isə mundialı bürünc medalla başa vurub. O, mübarizəyə 1/4 finaldan başlamış və startda Kelin Li-Lo (Yeni Zelandiya) üzərində qələbə qazanmaqla tarixi nəticəyə imza atmışdı. Belə ki, Rzayeva yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin etmişdi. O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırmışdı. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən Aynur Rzayeva ilkə imza atdı. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyulub.
Xatırladaq ki, digər boksçularımız mübarizəni daha erkən başa vurmuşdular. Anaxanım İsmayılova (50 kq), Günel Rəhimova (48 kq) və Şəhla Allahverdiyeva (66 kq) elə ilk döyüşlərində uduzaraq mundialla vidalaşmışdılar.
DÇ-də iki qələbə qazanan Zeynəb Rəhimova (54 kq) və 1 qələbə sevinci yaşamış Məhsəti Həmzəyeva (57 kq) isə mübarizəni 1/8 finalda dayandırmışdılar.
Beləliklə, Hindistana 6 boksçu ilə yollanan Azərbaycan millisi DÇ-dən cəmi 1 bürünc medalla qayıdır.
2.4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
Dünya çempionatı
48 kq
1/16 final. Günel Rəhimova – Snejana Silykoviç (Serbiya) 0:5
50 kq
1/32 final. Anaxanım İsmayılova – Zarin Nixad (Hindistan) 0:5
54 kq
1/32 final. Zeynəb Rəhimova – Lethokule Sibisi (CAR) 5:0
1/16 final. Zeynəb Rəhimova – Kristin Gillespi (Yeni Zelandiya) 5:0
1/8 final. Zeynəb Rəhimova – Yohana Karolina Qomeslə (Venesuela) 0:5
57 kq
1/16 final. Məhsəti Həmzəyeva – Cennifer Peters (Yeni Zelandiya) 4:1
1/8 final. Məhsəti Həmzəyeva – Karina İbrahimova (Qazaxıstan) 0:5
66 kq
1/16 final. Şəhla Allahverdiyeva – Mariya Ernandes (Dominikan Respublikası) 0:5
+81 kq
1/4 final. Aynur Rzayeva – Kelin Li-Lo (Yeni Zelandiya) 5:0
Yarımfinal. Aynur Rzayeva – Lazzat Kunqeybayeva (Qazaxıstan) 0:5


