Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 26-cı tur çərçivəsində lider “Malavan” komandası ilə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan heç-heçə ilə ayrılıblar – 1:1. 76-cı dəqiqədə məğlub duruma düşən təbrizlilər yalnız son dəqiqələrdə bərabərlik qolunu vurublar. 89-cu dəqiqədə penaltidən dəqiq yararlanan Reza Əsədi komandasına 1 xal qazandırıb.
26 turdan sonra 43 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını aprelin 23-də doğma meydanda “Paykan” komandasına qarşı keçirəcək.


