Bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2022/2023 mövsümündə 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu mərhələnin bütün cavab oyunları eyni gündə baş tutub.
İngiltərənin “Vest Hem” komandası səfərdə “sülh bağladığı” Belçika “Gent”i ilə bu dəfə doğma meydanda qarşılaşıb. Darmadağınla qalib gələn ingilislər yarımfinala yüksəliblər.
Fransanın komandası “Nitsa” da səfərdə məhsuldar heç-heçə etdiyi İsveçrə “Bazel”ini bu gün evdə sınağa çəkib. Üç qolun qeydə alındığı matç qonaqların gözlənilməz qələbəsiylə yekunlaşıb. Nəticədə Liqa 1 təmsilçisi mübarizəni dayandırıb, “Bazel” isə yarımfinala vəsiqə qazanıb.
Belçika “Anderlext”i Niderlandda “Alkmaar”ın qonağı olub. İlk oyundakı məğlubiyyətin əvəzini çıxan niderlandlılar oyunu penaltilərə qədər daşıyıblar. 11 metrlik zərbələri də dəqiq yerinə yetirən “Alkmaar” yarımfinala yüksəlib.
“Fiorentina” isə səfərdə darmadağın etdiyi “Lex”i bu dəfə doğma meydanda sınağa çəkib. Florensiyalılar bu dəfə məğlub olsalar da, yarımfinala yüksəlməyə nail olublar.
Beləliklə, Avropa Konfrans Liqasının yarımfinalında “Vest Hem” “Alkmaar”la, “Fiorentina” isə “Bazel”lə mübarizə aparacaq. Yarımfinal mərhələsinin ilk görüşləri 11 mayda, cavab görüşləri 18 mayda baş tutacaq. Turnirin həlledici görüşü isə iyunun 7-də Çexiyanın Praqa şəhərindəki “Fortuna Arena”da təşkil olunacaq.
Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
20 aprel
Alkmaar (Niderland) – Anderlext (Belçika) 2:0 (penaltilər 4:1)
Qol: Pavlidis, 5-pen; 13.
İlk oyun – 0:2.
Fiorentina (İtaliya) – Lex (Polşa) 2:3
Qol: Sottil, 78. Kastrovilli, 90+2 – Souza, 9. Velde, 65-pen. Sobiex, 69.
İlk oyun – 4:1.
Vest Hem (İngiltərə) – Gent (Belçika) 4:1
Qol: M.Antonio, 37; 63. Paketa, 55-pen. Rays, 58 – Kuypers, 26.
İlk oyun – 1:1.
Nitsa (Fransa) – Bazel (İsveçrə) 1:2
Qol: Laborde, 9 – Auqustin, 85. Adams, 98.
İlk oyun – 2:2.


