UEFA avrokuboklarda həftənin ən yaxşı oyunçularını açıqladı

Futbol üzrə UEFA Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında bu həftənin ən yaxşı oyunçularının adları açıqlanıb. Arena.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında aparılan sorğunun yekununda hər 3 turnirdə həftənin ən yaxşıları bəlli olub.

Çempionlar Liqasında həftənin futbolçusu “Real”ın (İspaniya) yarımmüdafiəçisi Federiko Valverde seçilib. O, “Çelsi”yə (İngiltərə) 2:0 hesabıyla qalib gəldikləri oyunda bir qol ötürməsi verib. Uruqvaydan olan 24 yaşlı yarımmüdafiəçi bu matçda 11 km-dən çox məsafə qət edib. Ulduz futbolçu 89 faizlik dəqiq ötürmə ilə də yadda qalıb.

Xatırladaq ki, Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına “Milan”dan (İtaliya) Rafael Leao, “İnter”dən (İtaliya) Lautaro Martines və “Mançester Siti”dən (İngiltərə) Kevin de Bruyne də namizəd idi.

Avropa Liqasında həftənin futbolçusu “Sevilya”nın (İspaniya) hücumçusu Yussef Ən-Nəsiri seçilib. O, “Mançester Yunayted”ə (İngiltərə) 3:0 hesabıyla qalib gəldikləri matçda əsas pay sahibi olub. Belə ki, Mərakeşdən olan 25 yaşlı hücumçu dubla imza atıb.

Avroliqada həftənin futbolçusu adına Nemanya Matiç (“Roma”, İtaliya), Adam Hlojek (“Bayer”, Almaniya) və Adrien Rabyo (“Yuventus”, İtaliya) da namizəd idi.

Konfrans Liqasında isə “Alkmaar”ın (Niderland) hücumçusu Vangelis Pavlidis hamıdan yaxşı hesab olunub. Yunanıstandan olan forvard da “Anderlext”i (Belçika) mübarizədən kənarlaşdırdıqları oyunda (2:0, penaltilər 4:1) dubla imza atıb.

Bu turnirdə həftənin futbolçusu adına Yesper Karlström (“Lex”, Polşa), Maykl Antonio (“Vest Hem”, İngiltərə) və Jan-Kevin Auqustin (“Bazel”, İsveçrə) də namizəd idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: